Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb.
İngiliscədən etdiyi ilk tərcümə, Oskar Uayldın “Xoşbəxt şahzadə” hekayəsi 1976cı ildə “Azərbaycan gəncləri” qəzetində çap edilib. Bir neçə il ərzində ingiliscədən Aqata Kristidən, Oskar Uaylddan, Uilyam Saroyandan, Uilyam Marçdan etdiyi tərcümələr “Azərbaycan gəncləri”, “Ədəbiyyat və İncəsənət”, “Bakı” qəzetlərində, “Ulduz”, “Azərbaycan” jurnallarında dərc olunub. 1986cı ildə ilk tərcümə kitabı – Oskar Uayldın “Sehrli nağıllar”ı, daha sonra Azərbaycan dilinə çevirdiyi Əziz Nesinin “Futbol kralı” romanı işıq üzü görüb.
Jurnalistikaya gəlməzdən əvvəl Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində tərcüməçi, Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətində referent, Maarif Nazirliyi Kollegiyasının katibi, Uşaq Fondu İdarə Heyəti aparatında baş referent işləyib.
Mətbuatda mütəmadi çalışdığı ilk yer “Azərbaycan kommunisti” jurnalı olub. 1990cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan “Ayna”“Zerkalo” qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Alver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001ci ildən “Ayna”“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktorudur.
1989cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın “Əməkdar jurnalist“idir. 2006cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.