Yalnız ABŞ yox, dünya tarixinin ən görkəmli şəxsiyyətlərindən sayılan Avraam Linkoln təbəddülatlarla dolu həyat yolu keçmişdir. O, Birləşmiş Ştatların mövcudluğu baxımından həlledici əhəmiyyət daşıyan bir dövrdə bu ölkənin prezidenti seçilmişdir. Dördillik vətəndaş müharibəsinə son qoyaraq ABŞ-ın bütövlüyünü bərpa etmiş, eyni zamanda quldarlığın ləğvinə nail olaraq irqi ayrı-seçkiliyi aradan qaldırmışdır.
Kəndli ailəsindən çıxıb ağlı və çalışqanlığı sayəsində prezidentliyədək yüksələn Linkolnun mütərəqqi baxışları sonradan dünyada demokratik dəyərlərin təşəkkül tapmasında mühüm rol oynamış, ədalət, bərabərlik kimi nəcib idealların təcəssümünə çevrilmişdir.
Amerikalı şair, yazıçı və tarixçi Karl Sendberq (1878–1967) Avraam Linkoln haqqında ən yaxşı bioqrafik əsərin müəllifi kimi tanınır. Linkoln barədə bir-birindən maraqlı faktlarla zəngin olan bu əsər onun həyatı və fəaliyyəti haqqında tam təsəvvür yaradır.