Fransız yazıçısı Antuan de Sent-Ekzüperi peşəkar pilot olmuşdur. Elə azsaylı əsərlərini də məhz təyyarəçi-pilot təcrübəsi, təəssüratları əsasında yazmışdır. Onun əsərlərində insana, təbiətə, ətraf mühitə sevgi, dostluq, məhəbbət və mərhəmət kimi bəşəri duyğular tərənnüm olunur. Yazıçının ən məşhur əsəri uşaqlar və böyüklər tərəfindən eyni həvəslə oxunan “Balaca şahzadə” povestidir. Bu əsər üçün şəkilləri yazıçı özü çəkmişdir. Əsərləri bir sıra ədəbi mükafatlara layiq görülən yazıçı jurnalistlik fəaliyyəti ilə də məşğul olmuş, reportajlar, məqalələr yazmışdır. II Dünya müharibəsində təyyarəçi kimi göstərdiyi şücaətlərinə görə "Hərbi xaç"la təltif olunmuşdur. 1944-cü ildə növbəti uçuş zamanı müəmmalı şəkildə həlak olmuşdur. Yazıçının əsərləri bu gün də dünyada ən çox tərcümə olunan, sevilərək oxunan əsərlər sırasındadır.
Əsərləri:
"Cənub poçtu”
"Gecə uçuşları"
"İnsanlar planeti"
"Hərbi təyyarəçi"
"Girov götürülmüş məktub"
"Balaca şahzadə" və s.