Görkəmli fransız şairi, yazıçısı, dramaturqu və ictimai xadimi. Fransız romantizminin lideri. Fransanın ali mükafatı olan Fəxri Legion Ordeninə layiq görülüb. Napoleon ordusu generalının ailəsində anadan olub, klassik təhsil alıb. 1822-ci ildə özünün ilk şeirlər məcmüəsini çap etdirib. XIX əsrin 30-cu illərinin əvvəllərində klassisizm janrından əl çəkərək, yeni ədədbi cərəyan olan romantizm cərəyanının öndərinə çevrilib. Həmin illərdə Hüqoya dünya şöhrəti gətirən "Paris Notr-Dam kilsəsi" romanı işıq üzü görüb. 30-cu illərin sonunda Hüqo siyasi həyatda daha fəal iştirak etməyə başlayır, 1848-ci il inqilabına qatılır. İkinci Respublikanın dağıdılmasından sonra isə könüllü olaraq mühacirət edir. Mühacirətdə olarkən İmperator III Napoleonun rejimini ifşa edən bir neçə kitab yazır. Onun daha bir məşhur romanı olan "Səfillər" romanının yazılması da məhz bu illərə təsadüf edir. İmperiyanın süqutundan sonra 1870-ci ildə Parisə qayıdır. Paris kommunasının dağıdılmasından sonra kommuna iştirakçılarının repressiyalarına qarşı, daha sonralar isə Milli Assambleya üzvü və senator olmasından istifadə edərək, onların əfv olnması üçün fəal şəkildə çalışır. Hələ sağlığında Viktor Hüqo fransız mədəniyyətinin klassiki sayılırdı. Yazıçının dəfni dövlət səviyyəsində təşkil olunmuş, nəşi 1 gün Zəfər Tağının altında saxlanılaraq, Fransanın görkəmli xadimlərinin dəfn olunduğu Paris Panteonunda torpağa tapşırılmışdır.