Rus elmi-fantastik ədəbiyyatının yaradıcılarından biri sayılan Aleksandr Belyayev "Amfibiya adam", "Sualtı əkinçilər", "Professor Douelin başı", "Ariel" kimi məşhur əsərlərin müəllifidir. İxtisasca hüquqşünas olan yazıçı həyatının böyük bir qismini xəstə yatağında keçirmiş, əsərlərinin əksəriyyətini sağlığında çap etdirə bilməmişdir.
Belyayevin maraqla qarşılanan romanları arasında "Atlantidanın son sakini" xüsusi yer tutur. Roman qədim və yüksək mədəniyyətə malik əfsanəvi materik – Atlantida haqqında yazılmış ən yaxşı əsərlərdən sayılır. Nyu-Yorkun ən varlı fabrikantlarından və brokerlərindən biri mister Solli müəmmalı şəkildə yoxa çıxan bu nəhəng torpağı tapmaq həvəsinə düşür, bu məqsədlə sualtı ekspedisiya təşkil edir. Qeyri-adi qəhrəmanlar, hadisələr və təsvirlərlə zəngin olan romanda müəllif Atlantidanın okean sularına niyə və necə qərq olduğunu da heyrətamiz şəkildə göstərməyi bacarır.