“Sirli ada”, “On beş yaşlı kapitan”, “Kapitan Qrantın uşaqları”, “20000 lyö su altı ilə”, “80 gün dünya ətrafında” kimi əsərlərlə böyük şöhrət qazanan fransız yazıçısı Jül Vernin hədsiz maraqla oxunan kitablarından biri də “Gənc səyyahlar” romanıdır.
Londondakı Antil məktəbinin müsabiqədə yüksək yerləri tutan 9 tələbəsi mükafat olaraq Qərbi Hindistandakı müxtəlif adalara gəmi ilə səyahət imkanı qazanır. Onlar müəllimlərindən birinin – Horatsi Pattersonun müşayiəti ilə yola düşürlər. Lakin elə ilk günlərdən maraqlı hadisələr başlayır, gənc səyyahlar isə onları qarşıda daha təhlükəli, həyəcanlı macəraların gözlədiyindən xəbərsizdirlər.