İtaliya yazıçısı və tarixçisi. Daha çox "Spartak" tarixi romanı ilə tanınıb. 1874-cü ildə yazdığı bu roman onun Qədim Roma haqqında yazdığı silsilə romanlarının ("Plautilla" - 1878; "Saturnino" - 1879; "Messalina" - 1885) başlanğıcı hesab olunur. XIX əsrin ortalarında İtaliyada baş qaldıran və İtaliyanın birləşdirilməsi uğrunda aparılan xalq azadlıq hərəkatının fəal iştirakçısı olub. Milli parlamentə üzv seçilib. Covanyolinin Qədim Roma haqqında tarixi romanlarında qəddarlıq və zülm əleyhinə romantik pafos, sosial ədalət və bərabərlik uğrunda mübarizəyə çağırış qabarıq şəkildə hiss olunmaqdadır. Məhz buna görə də "Spartak" romanı geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. 1936-cı ildə keçmiş SSRİ-də yeni yaradılan idman cəmiyyətinə Covanyolinin məşhur romanının qəhrəmanının adı verilmişdir. Rafaello Covanyoli 1915-ci ilin avqustunda Romada vəfat etmişdir.